Ağ Evdə Baydenin şəklini avtoqələm əvəz edib | VİDEO

   Ağ Evdə Baydenin şəklini avtoqələm əvəz edib    | VİDEO
  25 Sentyabr 2025    Oxunub:454
Ağ Evin əməkdaşları Oval kabinetin yaxınlığında ABŞ prezidentlərinin portretlərinin əks olunduğu Şöhrət Xiyabanını nümayiş etdiriblər. Co Baydenin şəklinin əvəzinə onun imzasını yazan “avtoqələm”in şəkli yerləşdirilib.
AzVision.az xəbər verir ki, Amerikanın “The Hill” nəşri belə məlumat yayıb.

“Ağ Ev əməkdaşları tərəfindən və sosial mediada yayımlanan yeni eksponatın foto və videolarında keçmiş prezidentlərin portretləri olan qızıl çərçivələr əks etdirilib. Ancaq Bayden üçün Ağ Ev onun imzası olan “avtoqələm” şəklini çərçivəyə salıb”, - qəzet yazır.

Jurnalistlərin fikrincə, prezident Tramp və müttəfiqləri bununla Baydenin “avtoqələm” vasitəsilə onun şəxsi iştirakı olmadan sənədlərin imzalanmasına imkan verən mexanizmdən istifadə etdiyinə qəsdən eyham vururlar.

Beləliklə, indiki administrasiya diqqətə çatdırır ki, Bayden vəzifədə olarkən koqnitiv pozğunluqdan əziyyət çəkib və buna görə də, əfv aktları da daxil olmaqla, köməkçiləri onun əvəzinə mühüm qərarlar qəbul ediblər.

Baydenin sözçüsü portretlə bağlı nəşrin şərh xahişinə hələ cavab verməyib.

Bayden əvvəllər xələfi Donald Trampı və köməkçilərinin ondan xəbərsiz sənədləri imzalamaq üçün avtomatik imza qələmindən istifadə etdiyini deyən respublikaçıları “yalançılar” adlandırmışdı. Respublikaçıların iddiasına görə, keçmiş prezidentin anormal vəziyyətindən yararlanan komandasının üzvləri onun adından qərar vermək üçün avtomatik imza qələmlərindən sui-istifadə ediblər.

Bu ilin yayında Donald Tramp sələfi və onun administrasiyasındakı məmurlar haqqında geniş miqyaslı təhqiqatın aparılmasına göstəriş verib. O, Baydenin imzasının “radikal siyasət dəyişikliklərinə nail olmaq üçün” minlərlə sənəddə istifadə olunduğunu iddia edib.

Amerika lideri avtoqələmdən istifadəni 2020-ci il seçkilərindən sonra ABŞ tarixində ən qalma-qallı hadisələrdən biri adlandırıb. Maraqlıdır ki, Tramp özü prezident olarkən qələmdən istifadə etdiyini deyib. Bununla belə, o, bundan yalnız elektron məktublara cavab vermək kimi “çox əhəmiyyətsiz sənədlər üçün” istifadə etdiyini bildirib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: AğEv   Bayden   avtoqələm  



Xəbər lenti